Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. standartlaşdırma – standartlaşdırma obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyət;
1.0.2. standart - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd;
1.0.3. beynəlxalq standart – standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standart;
1.0.4. regional standart - standartlaşdırma üzrə regional təşkilatlar tərəfindən qəbul olunmuş standart;
1.0.5. dövlət standartı - milli standartlaşdırma qurumu tərəfindən qəbul edilən standart;
1.0.6. ilkin dövlət standartı - tətbiqi müvəqqəti olan, istifadəsi zamanı lazımi təcrübənin əldə olunması üçün nəzərdə tutulan standartlaşdırma üzrə normativ sənəd;
1.0.7. dövlətlərarası standartlar - iki və daha çox dövlətin qarşılıqlı razılığı əsasında qəbul olunmuş və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar;
1.0.8. istinad edilmiş standart - texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin həyata keçirilməsi və texniki reqlamentin tətbiqi məqsədilə hazırlanmış standart;
1.0.9. texniki komitə - standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan məşvərətçi qurum;
1.0.10. maraqlı tərəflər - standartlaşdırma üzrə normativ sənədləri tətbiq edən və ya həmin sənədlərin hazırlanmasında maraqlı olan dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər;
1.0.11. texniki şərtlər – mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd;
1.0.12. standartlaşdırma üzrə dövlət fondu - müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursu;
1.0.13. rəsmi nəşr - standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsi;
1.0.14. rəsmi yayım - müəlliflik hüquqları qorunmaqla, təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşrin təqdim edilməsi və ya satışı;
1.0.15. standartlaşdırma obyekti - mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu;
1.0.16. standartların aktuallaşdırılması - standartlaşdırma üzrə normativ sənədlərin aktual vəziyyətdə saxlanılması üçün onların nüsxələrinə müəyyən edilmiş qaydada dəyişikliklərin edilməsi və (və ya) onların qüvvədə olma müddəti, əvəz olunması və ya ləğv edilməsi ilə bağlı proses;
1.0.17. uyğunlaşdırılma - özündə elm və texnikanın ən yeni nailiyyətlərini əks etdirən və malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyət səviyyəsinə və rəqabətqabiliyyətliliyinə müasir tələbləri müəyyən edən beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının milli maraqlar üçün istifadəsi və tətbiqi üzrə fəaliyyət;
1.0.18. milli standartlaşdırma qurumu - standartlaşdırma sahəsində dövlət siyasətindən irəli gələn işləri həyata keçirən, standartlaşdırma üzrə işlərin əlaqələndirilməsini təmin edən və standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını təmsil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.0.19. konsensus - maraqlı tərəflərin əksəriyyətinin əhəmiyyətli məsələlər üzrə ciddi etirazının olmaması ilə xarakterizə edilən və bütün tərəflərin fikirlərinin nəzərə alınmasına və fərqli baxışların uzlaşdırılmasına yönəldilmiş prosedur nəticəsində əldə olunan ümumi razılıq;
1.0.20. standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması -təkmilləşdirilməsinə və ya ləğvinə ehtiyac olub-olmamasını müəyyən etmək məqsədilə standartlaşdırma üzrə normativ sənədə baxılması;
1.0.21. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);
1.0.22. idarəetmə sistemi - konkret məqsədə çatmağı təmin edən prosedur və proseslərin məcmusu;
1.0.23. uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;
1.0.24. uyğunluğun qiymətləndirilməsinin obyektləri - mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodları.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanun standartlaşdırma sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə şamil olunur.
2.2. Bu Qanunun müddəaları malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan uyğunluğun məcburi qiymətləndirilməsi məsələlərinə şamil edilmir.
2.3. Bu Qanun təhsil, milli mühasibat uçotu, dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı standartlara şamil edilmir.
2.4. Ələt azad iqtisadi zonasında standartlaşdırma sahəsində yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 4. Standartlaşdırmanın məqsədləri və prinsipləri
4.1. Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:
4.1.1. malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması;
4.1.2. daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyətinin və işçi heyətinin bacarıqlarının təkmilləşdirilməsi;
4.1.3. malların və onlara dair ehtiyat hissələrinin texniki, texnoloji və informasiya uyğunluğunun, eləcə də qarşılıqlı əvəz olunmasının təmin edilməsi;
4.1.4. mallarda və onların ehtiyat hissələrində olan müxtəlifliyin aradan qaldırılmasını və onların qarşılıqlı əvəz olunmasını təmin etməklə resurslara qənaət olunması və mallara çəkilən istehsal xərclərinin azaldılması;
4.1.5. istehlakçıların mallara (xidmətə, işə) dair tələb və gözləntilərinin müvafiq mallarda öz əksini tapmasına, eləcə də istehlakçılarda malların (işlərin, xidmətlərin) keyfiyyətinə dair etibarın formalaşdırılmasına və malın (xidmətin, işin) keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərilməsi, malın (xidmətin, işin) təhlükəsizliyinə və keyfiyyətinə dair istehlakçılara yanlış məlumatların verilməsinin qarşısının alınması;
4.1.6. dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və regional və beynəlxalq standartlaşdırmada milli iqtisadiyyatın maraqlarının nəzərə alınması;
4.1.7. innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi;
4.1.8. təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi;
4.1.9. satınalmalar zamanı dövlətin maraqlarının qorunması.
4.2. Standartlaşdırmanın prinsipləri aşağıdakılardır:
4.2.1. bütün maraqlı tərəflərin standartlaşdırma prosesində bərabər şərtlər əsasında könüllü iştirakı;
4.2.2. standartlaşdırma üzrə normativ sənədlərin maraqlı tərəflərin konsensusu əsasında hazırlanması və qəbul edilməsi;
4.2.3. standartlaşdırmanın şəffaflığı;
4.2.4. dövlət standartlarının hazırlanmasında beynəlxalq və regional standartlardan istifadə edilməsi və onların həmin standartlara uyğunlaşdırılması;
4.2.5. standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasında elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və texnologiyaların tətbiqi;
4.2.6. standartlaşdırma üzrə normativ sənədlərin bir-birinə ziddiyyət təşkil etməməsi;
4.2.7. standartlaşdırmanın sistemliliyinin və kompleksliliyinin təmin edilməsi;
4.2.8. insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vuracaq standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasının qarşısının alınması;
4.2.9. istehlakçıların gözləntilərinin və bazarın tələblərinin nəzərə alınması;
4.2.10. istehsalçıların və istehlakçıların ehtiyaclarının ödənilməsi;
4.2.11. şəxsi maraqların ümumi maraqlardan üstün tutulmasının qarşısının alınması;
4.2.12. standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikasının texniki reqlamentlərinə uyğunluğu;
4.2.13. standartların könüllü xarakter daşıması.
2-ci fəsil
STANDARTLAŞDIRMA SAHƏSİNDƏ SƏNƏDLƏR
VƏ ONLARIN TƏTBİQİ
Maddə 5. Standartlaşdırma sahəsində normativ sənədlər
5.1. Standartlaşdırma sahəsində normativ sənədlərə aşağıdakılar aiddir:
5.1.1. dövlət standartları, o cümlədən ilkin dövlət standartları;
5.1.2. bu Qanunla müəyyən olunmuş qaydada tətbiq edilən beynəlxalq və regional, dövlətlərarası, eləcə də xarici dövlətlərin standartları;
5.1.3. texniki şərtlər.
5.2. Standartlaşdırma sahəsində sənədlərdə nəzərdə tutulan tələblər beynəlxalq standartlara uyğun olmalı, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı, malın (xidmətin, işin), prosesin, istehsal metodunun şərtlərini nəzərə almalı, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini pozmamalıdır.
5.3. Standartlaşdırma üzrə normativ sənədlər standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.
5.4. Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişikliklər edilməsi və nəşri qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.
Maddə 6. Standartlaşdırma işlərinin aparılması məqsədi ilə planlaşdırma
6.1. Dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə uyğun olmalı, müasir elmi araşdırmaların nəticələrini nəzərə almalı və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.
6.2. Dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir. Proqramda dövlət standartlarının müəyyənləşdirilməsi, qəbul edilməsi, onların siyahısının dərc edilməsi və müntəzəm olaraq yenilənməsi üçün milli standartlaşdırma qurumu, müvafiq sahədə dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr tərəfindən görüləcək tədbirlər əks olunur.
6.3. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan texniki reqlamentlərin və digər normativ hüquqi aktların tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanır.
6.4 Standartlaşdırma üzrə milli proqram beynəlxalq, regional, dövlətlərarası standartların hazırlanmasına şamil olunmur.
6.5. Standartlaşdırma üzrə milli proqrama aşağıdakılar daxildir:
6.5.1. standartların beynəlxalq təsnifat kodu;
6.5.2. standartların layihələrinin adları;
6.5.3. işlənmənin hazırlanması üçün əsas;
6.5.4. əsas normativ baza;
6.5.5. işin icra müddəti;
6.5.6. maliyyə mənbəyi;
6.5.7. təklif verən sifarişçi təşkilatın adı;
6.5.8. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası.
6.6. Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.7. Standartlaşdırma üzrə milli proqram milli standartlaşdırma qurumunun internet saytında dərc edilir.
6.8. Milli standartlaşdırma qurumu altı ayda bir dəfədən az olmayaraq milli standartlaşdırma proqramı üzrə görülmüş işlər barədə məlumatları öz internet saytında yerləşdirməlidir.
Maddə 7. Dövlət standartları
7.1. Azərbaycan Respublikasının dövlət standartları bu Qanunda nəzərdə tutulan məqsədlər üçün işlənilib hazırlanır və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
7.2. Dövlət standartları “AZS” nişanı ilə nişanlanır.
7.3. Azərbaycan Respublikasının dövlət standartlarında aşağıdakılar müəyyən edilə bilər:
7.3.1. texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə əməl edilməsini təmin etmək məqsədi ilə standartlaşdırma obyektləri üzrə zəruri tələblər;
7.3.2. malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun təsnifatlaşdırılmasına dair tələblər;
7.3.3. malın unifikasiya, uyğunluq və qarşılıqlı əvəzolunma göstəriciləri;
7.3.4. termin və təriflər;
7.3.5. istehlak xassələri və malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyət səviyyəsini müəyyən edən funksional təyinatlı göstəriciləri (xarakteristikaları da daxil olmaqla);
7.3.6. qəbul, qablaşdırılma, markalanma, daşınma, saxlanma, utilizasiya və məhvetmə qaydaları;
7.3.7. sınaq üsulları və qaydaları;
7.3.8. bütün növ resursların qənaət olunmasına və resurslardan səmərəli istifadə edilməsinə dair tələblər;
7.3.9. idarəetmə sistemləri və onların tətbiqinə dair tələblər;
7.3.10. müəyyən fəaliyyət sahəsi üzrə təşkilati-metodiki xarakterli müddəalar, eləcə də ümumi texniki norma və qaydalar.
7.4. Azərbaycan Respublikasının dövlət standartları qanunvericiliyin tələbləri, beynəlxalq, dövlətlərarası və regional standartlar və standartlaşdırma obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədlər, elmi tədqiqatların (sınaqların) və ölçmələrin nəticələri nəzərə alınmaqla hazırlanmalıdır. Dövlət standartları lüzumsuz maneələr yaratmaq məqsədi ilə hazırlanmamalı, qəbul və ya tətbiq olunmamalıdır.
7.5. Dövlət standartı Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbul və tətbiq edilməlidir.
7.6. Standartlaşdırma fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əsaslı iqlim, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlmədiyi hallarda, müvafiq beynəlxalq, dövlətlərarası və regional standartlar və ya onların müvafiq hissələri dövlət standartının hazırlanması üçün texniki komitələr tərəfindən təhlil və istifadə mənbəyi kimi götürülməyə bilər.
7.7. Dövlət standartları standartlaşdırma üzrə milli proqrama və ya təşəbbüs qaydasına müvafiq olaraq işlənilib hazırlanır.
7.8. Dövlət standartının ilkin layihəsini dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər hazırlaya və müvafiq texniki komitəyə təqdim edə bilər. Dövlət standartının layihəsini hazırlayan subyektlər onun qəbul edilməsinin zəruriliyini əsaslandırmalıdırlar.
7.9. Dövlət standartlarının işlənilib hazırlanması prosedurları standartlaşdırma üzrə texniki komitələr vasitəsilə həyata keçirilir.
7.10. Dövlət standartlarının işlənilib hazırlanması prosesinə başlanılması və yekunlaşdırılması haqqında bildirişlər, həmçinin dövlət standartlarının layihələri milli standartlaşdırma qurumunun rəsmi internet saytında yerləşdirilməlidir.
7.11. Milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Müvafiq texniki komitəyə daxil olan rəylərə ən geci 1 (bir) ay müddətində baxılmalı və rəylər nəzərə alınmadıqda, rəy müəllifinə bu barədə əsaslandırılmış məlumat verilməlidir.
7.12. Texniki komitədə dövlət standartları konsensus əsasında qəbul olunmalıdır.
7.13. Bütün maraqlı tərəflərin layihə üzrə razılığı əldə edildikdən və nəzərə alınmamış rəylərlə əlaqədar rəy müəlliflərinə məlumat verildikdən sonra müvafiq texniki komitə dövlət standartını qəbul edilməsi üçün milli standartlaşdırma qurumuna təqdim etməlidir.
7.14. Milli standartlaşdırma qurumu bu Qanunun tələblərinə uyğunluğu baxımından layihənin ekspertizasını aparır və bu Qanunun tələblərinə uyğun olduğu halda hazırlanmış dövlət standartını qəbul edir və dövlət reyestrinə daxil edir. Dövlət reyestrinə daxil edilmiş dövlət standartı, eyni zamanda, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir. Dövlət standartının qüvvəyə minmə tarixi dövlət standartında göstərilir.
7.15. Qəbul edilmiş dövlət standartları rəsmi nəşr edilir.
7.16. Aşağıdakı hallarda dövlət standartlarının qüvvədən düşməsi barədə milli standartlaşdırma qurumu tərəfindən qərar qəbul edilir:
7.16.1. eyni məsələ ilə bağlı yeni dövlət standartının qəbulu və qüvvəyə minməsi;
7.16.2. qüvvəyə minən texniki reqlamentlərin tələblərinə zidd olması;
7.16.3. aparılmış yoxlamanın nəticələrinə əsasən.
Maddə 8. İlkin dövlət standartları
8.1. İlkin dövlət standartları innovasiyalı yeni mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu üçün hazırlanır.
8.2. İlkin dövlət standartlarında göstərilən tələblər texniki reqlamentlərin və standartların tələblərinə zidd olmamalıdır.
8.3. İlkin dövlət standartları elmi tədqiqatların (sınaqların) və ölçmələrin nəticələri və innovasiyalı yeni növ malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun tətbiqi ilə əldə edilən praktik təcrübələrin əsasında hazırlanır.
8.4. İlkin dövlət standartlarının işlənilib hazırlanması standartlaşdırma sisteminin subyektlərinin təşəbbüsü ilə həyata keçirilir.
8.5. İlkin dövlət standartlarını dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər hazırlaya və aidiyyəti texniki komitəyə göndərə bilərlər. İlkin dövlət standartı layihəsini hazırlayan subyektlər onun qəbul edilməsinin zəruriliyini əsaslandırmalıdırlar.
8.6. İlkin dövlət standartlarının layihələrinin qəbul edilməsi üçün baxılması sahə üzrə texniki komitələrin çərçivəsində həyata keçirilir.
8.7. İlkin dövlət standartları ekspertizadan keçirilərək, bu Qanunun tələblərinə cavab verdiyi halda milli standartlaşdırma qurumu tərəfindən qəbul edilir və dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinə daxil edilmiş ilkin dövlət standartı, eyni zamanda, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.
8.8. İlkin dövlət standartları 2 (iki) il müddətinədək qəbul olunur və qüvvədəndüşmə müddətinə ən azı 3 (üç) ay qalmış aidiyyəti standartlaşdırma üzrə texniki komitə onun dövlət standartı kimi qəbulu məqsədi ilə yoxlanılmasını və onun tətbiqinin qiymətləndirilməsini təşkil edir.
8.9. İlkin dövlət standartının dövlət standartı kimi qəbul olunması, vaxtının uzadılması və ya qüvvədən düşməsi haqqında təklif standartlaşdırma üzrə texniki komitənin iclasında konsensus əsasında qəbul olunur və qərarın qəbul olunması üçün milli standartlaşdırma qurumuna təqdim edilir.
Maddə 9. Texniki şərtlər
9.1. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlərdən üçüncü şəxslərin istifadəsi üçün texniki şərtlərin sahiblərinin razılığı olmalıdır. Texniki şərtlərin sahiblərinin razılığını bildirən müvafiq müqavilə texniki şərtlərin sahibləri tərəfindən milli standartlaşdırma qurumuna qeydiyyat üçün təqdim edilir.
9.2. Təsərrüfat subyektləri texniki şərtləri hər hansı mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə), istehsal metoduna dair hazırlaya və qəbul edə bilərlər.
9.3. Təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun texniki şərtin tələblərinə uyğunluğunu təmin etməlidir. Texniki şərtlərin müddəaları bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.
9.4. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir. Milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 (on beş) gün müddətində onun bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə, həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə bilər.
9.5. Bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələbləri ilə ziddiyyət təşkil etməyən texniki şərtlər standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.
Maddə 10. Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestri və nəşri
10.1. Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestri standartlaşdırma üzrə normativ sənədlərə identifikasiya məqsədi ilə qeydiyyat nömrələrinin verilməsidir.
10.2. Milli standartlaşdırma qurumu standartlaşdırma üzrə normativ sənədləri (texniki şərtlər istisna olmaqla) dövlət reyestrinə daxil edir və standartlaşdırma üzrə normativ sənədlər haqqında məlumatı özünün rəsmi internet saytında yerləşdirir.
10.3. Qəbul olunmuş standartlaşdırma üzrə normativ sənədlər haqqında məlumatlar milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşr olunaraq, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.
Maddə 11. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması
11.1. Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr hər il standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirməlidirlər.
11.2. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılmasına aşağıdakılar daxildir:
11.2.1. standartlaşdırma üzrə normativ sənədlərin elmi-texniki səviyyəsinin təhlili;
11.2.2. standartlaşdırma üzrə normativ sənədlərin qüvvədə olan texniki reqlamentlərə uyğunluğunun təhlili;
11.2.3. iqtisadiyyatın müxtəlif sahələrinin standartlaşdırma üzrə normativ sənədlərlə təmin olunmasının təhlili;
11.2.4. bu Qanunla müəyyən olunmuş standartlaşdırmanın məqsədləri baxımından standartlaşdırma üzrə normativ sənəddə dəyişikliklər edilməsi, ləğv edilməsi və ya yeni standartlaşdırma üzrə normativ sənədin qəbulu zərurətinin müəyyən edilməsi.
11.3. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması nəticələri ilə əlaqədar əsaslandırılmış təkliflər müvafiq tədbirlər görülməsi üçün milli standartlaşdırma qurumuna göndərilir. Təkliflər əsaslı hesab edildiyi halda, milli standartlaşdırma qurumu standartlaşdırma üzrə normativ sənəddə dəyişikliklər edilməsi, ləğv edilməsi və ya yeni standartlaşdırma üzrə normativ sənədin qəbulu üçün müvafiq tədbirlər görür.
11.4. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.
Maddə 12. Standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi
12.1. Standartlaşdırma üzrə normativ sənədlər malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, tədarük olunan (göndərilən) mallara (xidmətə, işə) və proseslərə texniki sənədlərin (konstruktor, texnoloji layihə) və kataloq vərəqələrinin işlənilib hazırlanması zamanı könüllü şəkildə tətbiq olunur.
12.2. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur.
12.3. Qanunvericilik aktlarında birbaşa istinadlar yalnız ölkə ərazisində qüvvədə olan dövlət dilində dərc edilmiş standartlaşdırma üzrə normativ sənədlərə verilə bilər.
Maddə 13. Uyğunluğun könüllü qiymətləndirilməsi
13.1. Uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir.
13.2. Uyğunluğun könüllü qiymətləndirilməsi uyğunluğu qiymətləndirən qurumlar tərəfindən akkreditasiya tələblərinə, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilmiş normativ sənədlərə və müvafiq beynəlxalq standartların tələblərinə əsasən aparılır.
13.3. Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.4. Uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə riayət etmədikləri təqdirdə, bu istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.
13.5. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təsərrüfat subyektləri ilə uyğunluq sertifikatının əldə olunması zamanı əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq monitorinqlər aparılmalıdır. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildiyi halda, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə qərar qəbul edilir və bazara buraxılmış malların dərhal geri qaytarılması şərti ilə 1 (bir) ay müddətində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması təsərrüfat subyektlərindən tələb olunmalıdır. Qeyd olunan tələblərə riayət olunmadığı halda akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edilir.
Maddə 14. Standartlaşdırma üzrə dövlət fondu və onun idarə olunması
14.1. Milli standartlaşdırma qurumu ilkin dövlət standartlarını, dövlət standartlarını, texniki şərtləri, standartlaşdırma üzrə beynəlxalq, regional, dövlətlərarası, xarici dövlətlərin standartlarını, dövlətlərarası müqavilələri, habelə onların tətbiqi qaydalarını mütəmadi olaraq standartlaşdırma üzrə dövlət fonduna daxil edir.
14.2. Standartlaşdırma üzrə dövlət fondunun formalaşdırılması və idarə edilməsi milli standartlaşdırma qurumu tərəfindən həyata keçirilir.
14.3. Milli standartlaşdırma qurumu standartlaşdırma üzrə dövlət fondunun informasiya sisteminin mütəmadi qaydada genişləndirilməsi və fondda olan sənədlərin aktuallaşdırılması, mühafizə edilməsi üçün tədbirlər görməlidir.
14.4. Standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin yayımı standartlaşdırma üzrə dövlət fondunun məlumat bazası əsasında həyata keçirilir.
14.5. Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
14.6. Standartlaşdırma üzrə sənədlərin tətbiqi və yayımı müəlliflik hüquqlarına əməl edilməklə həyata keçirilir. Rəsmi nəşrlərə müəlliflik hüququ milli standartlaşdırma qurumuna məxsusdur. Uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər rəsmi nəşrlərin (texniki şərtlər istisna olmaqla) onlara məxsusluğunu (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq etməlidirlər.
14.7. Qəbul edilmiş, dövlət reyestrinə daxil edilmiş dövlət standartları, onların qüvvədəolma müddəti barədə informasiya, dövlət sirrini özündə saxlayan məlumat istisna olmaqla, milli standartlaşdırma qurumunun rəsmi nəşrlərində dərc olunur.
14.8. Dövlət fondundan standartlaşdırma üzrə normativ sənədlər milli standartlaşdırma qurumu ilə bağlanılmış müqavilələr əsasında kağız və ya milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsindən onlayn formada əldə edilir.
3-cü fəsil
STANDARTLAŞDIRMANIN SUBYEKTLƏRİ VƏ ONLARA
TƏLƏBLƏR
Maddə 15. Standartlaşdırmanın subyektləri
15.0. Standartlaşdırmanın subyektləri aşağıdakılardır:
15.0.1. milli standartlaşdırma qurumu;
15.0.2. standartlaşdırma üzrə texniki komitələr;
15.0.3. standartlaşdırma fəaliyyəti ilə məşğul olan digər subyektlər (dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər).
Maddə 16. Texniki komitələr
16.1. Standartlaşdırma üzrə texniki komitələr dövlət, beynəlxalq, regional, dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi ilə təsis edilir.
16.2. Texniki komitələr hüquqi şəxs deyil və könüllülük, tərəflərin bərabər iştirakı, bu Qanunun 4-cü maddəsi ilə müəyyənləşdirilmiş standartlaşdırmanın məqsədləri və prinsiplərinə riayət olunması, komitə haqqında məlumatın açıqlığı və əlçatanlığı prinsipləri əsasında formalaşdırılır.
16.3. Texniki komitələr dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin təşəbbüsü və müvafiq müraciəti əsasında milli standartlaşdırma qurumu tərəfindən təsis edilir, qeydiyyata alınır və fəaliyyətləri əlaqələndirilir.
16.4. Maraqlı tərəflərin texniki komitələrə cəlb edilməsi həmin komitələrin yaradılması təşəbbüsü ilə çıxış edən dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin və ya həmin maraqlı tərəflərin təşəbbüsü əsasında həyata keçirilir. Texniki komitənin tərkibinə müvafiq sahədə dövlət orqanlarının (qurumlarının), elm və təhsil müəssisələrinin, istehsalçı müəssisələrin, ictimai birliklərin, istehlakçıların nümayəndələri, standartlaşdırma üzrə texniki ekspertlər daxil edilə bilər.
16.5. Texniki komitələrin fəaliyyəti müvafiq maraqlı tərəflərin ödədikləri üzvlük haqları və qanunla qadağan edilməyən mənbələr hesabına maliyyələşdirilir. Dövlət orqanları (qurumları) formalaşdırdıqları texniki komitələrin analitik-informasiya və təşkilati təminatı üçün tədbirlər görməlidirlər.
16.6. Texniki komitənin formalaşdırılması ilə bağlı məlumat ictimaiyyətə açıq olmalıdır.
16.7. Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16.8. Standartlaşdırma üzrə texniki komitələr dövlət standartlarının vaxtında işlənilib hazırlanmasını təmin etməlidirlər.
4-cü fəsil
STANDARTLAŞDIRMA ÜZRƏ İŞLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 17. Standartlaşdırma üzrə işlərin maliyyə mənbəyi
17.1. Azərbaycan Respublikasında standartlaşdırma üzrə işlərin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:
17.1.1. milli standartlaşdırma qurumunun qəbul etdiyi standartlaşdırma üzrə normativ sənədlərin və digər nəşr materiallarının rəsmi yayımından (təqdim edilməsi və satışından) əldə edilən vəsait;
17.1.2. beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının rəsmi yayımından əldə edilən vəsait;
17.1.3. texniki komitələrdə iştirak üçün maraqlı tərəflərin üzvlük haqqı ödənişlərindən əldə edilən vəsait;
17.1.4. ictimai, özəl və beynəlxalq təşkilatların yardımları;
17.1.5. milli standartlaşdırma qurumunun bu Qanunla müəyyən olunan digər fəaliyyəti ilə bağlı əldə olunan vəsait.
17.2. Standartlaşdırma üzrə aşağıdakı fəaliyyətlər dövlət büdcəsindən maliyyələşdirilir:
17.2.1. beynəlxalq və regional standartlaşdırma təşkilatlarında üzvlük haqqı;
17.2.2. Azərbaycan Respublikasında təsis edilən texniki komitələr tərəfindən beynəlxalq, dövlətlərarası və regional standartların layihələrinin hazırlanması və onların ekspertizalarının aparılması ilə bağlı görülmüş işlərə dair xərclər;
17.2.3. Azərbaycan Respublikasının texniki reqlamentlərində istinad edilməsi nəzərdə tutulan standartların hazırlanması ilə əlaqədar xərclər;
17.2.4. Azərbaycan Respublikasında təsis edilən texniki komitələr tərəfindən dövlət standartlarının hazırlanması ilə əlaqədar xərclər (bu xərclər digər mənbələr hesabına ödənilmədikdə).
17.3. Standartlaşdırma sahəsində normativ sənədlərin (texniki şərtlər istisna olmaqla) satış qiymətləri barədə məlumat milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsində göstərilir. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının satış qiymətləri müvafiq beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq müəyyən edilir.
5-ci fəsil
YEKUN MÜDDƏALARI
Maddə 18. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartları, onların qəbulu və tətbiqi qaydaları
18.1. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartları milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiq edilə bilər.
18.2. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
18.3. Müəlliflik hüquqları obyekti olan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının tətbiqi zamanı müəlliflik hüquqları qorunmalıdır.
Maddə 19. Qanunun qüvvəyə minməsi ilə əlaqədar tədbirlər
Texniki tənzimləmənin şamil olunduğu malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun əhatə dairəsi müəyyən edilənədək və həmin mala (işə, xidmətə), prosesə (o cümlədən idarəetmə sisteminə), istehsal metoduna dair müvafiq texniki reqlamentlər qüvvəyə minənədək, mövcud standartlara dair normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayırlar və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 21. Yekun müddəalar
21.1. Bu Qanunun qüvvəyə mindiyi gündən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 aprel tarixli 60-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948; 2014, № 10, maddə 1166; 2017, № 6, maddə 1025; 2018, № 4, maddə 643, № 11, maddə 2189) ləğv edilir.
21.2. Bu Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri
17 may 2019-cu il