E-mail: info@certus.az

Ünvan

AZ1029, Bakı, Ə.Qayıbov 1222/22

Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq, mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin hüquqi əsaslarını, məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. texniki tənzimləmə – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi;

1.1.2. texniki reqlament – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi akt;

1.1.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması hallarının olmaması;

1.1.4. əsas tələblər – mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblər;

1.1.5. uyğunluğun qiymətləndirilməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.1.6. uyğunluğun qiymətləndirilməsi prosedurları – texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.1.7. uyğunluq bəyannaməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

1.1.8. uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.1.9. uyğunluq nişanı – malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentdə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

1.1.10. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) – uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcıllığı;

1.1.11. risk – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;

1.1.12. sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi;

1.1.13. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Texniki tənzimləmənin məqsədləri

2.0. Texniki tənzimləmənin məqsədləri aşağıdakılardır:

2.0.1. insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi;

2.0.2. istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi;

2.0.3. ticarətdə texniki maneələrin aradan qaldırılması;

2.0.4. malların rəqabət qabiliyyətliyinin artırılması;

2.0.5. təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi.

Maddə 3. Texniki tənzimləmənin prinsipləri

3.0. Texniki tənzimləmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.0.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq;

3.0.2. yerli və xarici ölkə mənşəli mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsinə vahid yanaşma;

3.0.3. milli iqtisadiyyatın texnoloji inkişaf səviyyəsinə uyğunluğu;

3.0.4. uyğunluğu qiymətləndirən qurumların təsərrüfat subyektindən asılılığının yolverilməzliyi;

3.0.5. akkreditasiya və sertifikatlaşdırmanın həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməzliyi;

3.0.6. akkreditasiya və uyğunluğun qiymətləndirilməsi səlahiyyətlərinin eyni qurum tərəfindən həyata keçirilməsinin yolverilməzliyi;

3.0.7. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi;

3.0.8. texniki tənzimləmə üzrə məcburi tələblərin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və malların digər keyfiyyətlərinin bazar rəqabəti əsasında tənzimlənməsi;

3.0.9. uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların istifadəsinə imkan yaradılması;

3.0.10. istehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumlara həvalə edilməsi.

Maddə 4. Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 5. Qanunun tətbiq dairəsi

5.1. Bu Qanunun müddəaları bu Qanunla müəyyən edilmiş hallarda və qaydada mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir.

5.2. Bu Qanuna uyğun olaraq, texniki reqlamentdə malların dizaynına və xarici görünüşünə dair tələblər istisna olmaqla, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblər müəyyən edilə bilər.

5.3. Bu Qanun “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən standartlaşdırma üzrə normativ sənədlərin könüllü tətbiqinə və onların əsasında aparılan uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinə şamil edilmir.

5.4. Bu Qanun insan sağlamlığını təhlükəli qidalardan (əsasən qida məhsullarındakı qida əlavələrindən, çirkləndiricilərdən, zəhərli maddələrdən və ya xəstəlik törədən orqanizmlərdən yaranan risklərdən), heyvan və insan sağlamlığını heyvan xəstəliklərindən və təhlükəli yemlərdən və bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək digər zərərdən qorumaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına müəyyən edilən məcburi tələblərə şamil edilmir.

5.5. Bu Qanun dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi sahəsinə şamil edilmir.

5.6. Ələt azad iqtisadi zonasında texniki tənzimləmə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 6. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri

6.0. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi;

6.0.2. texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi;

6.0.3. texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi;

6.0.4. texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi;

6.0.5. texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyən təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması;

6.0.6. bu Qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən malların dövriyyədən çıxarılması məqsədi ilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi;

6.0.7. uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının aparılmasının təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsi.

2-ci fəsil

TEXNİKİ REQLAMENTLƏRƏ DAİR TƏLƏBLƏR

Maddə 7. Texniki reqlamentlərə dair ümumi tələblər

7.1. Texniki reqlamentlər bu Qanunun məqsədlərinə nail olmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

7.2. Texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşır.

7.3. Azərbaycan Respublikasının texniki reqlamentləri qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və ya onların müvafiq hissələri nəzərə alınmaqla hazırlanmalıdır. Texniki reqlamentlərin hazırlanması zamanı regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri, standartları və texniki tənzimləmə obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədlər də istifadə edilir.

7.4. Texniki tənzimləmə fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əsaslı iqlim, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlmədiyi hallarda, müvafiq beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri, standartları və ya onların müvafiq hissələri texniki reqlamentin hazırlanması üçün təhlil və istifadə mənbəyi kimi götürülməyə bilər.

7.5. Texniki reqlamentlər beynəlxalq ticarət üçün lüzumsuz maneələr yaratmaq məqsədi ilə və ya bu cür nəticəyə səbəb ola bilən şəkildə hazırlanmamalı, qəbul və ya tətbiq edilməməlidir.

7.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki reqlamentlər Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbul və tətbiq edilməlidir.

7.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) faktiki olaraq əhəmiyyətini itirmiş və ya qəbul edilməsinə əsas olmuş hallar aradan qalxmış texniki reqlamentləri müəyyən edərək onların təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı tədbirlər görür və texniki reqlamentlərdə dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi ilə bağlı məlumatı özünün rəsmi internet saytında dərc edir.

7.8. Dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər müvafiq sahədə texniki reqlamentlərin qəbul edilməsi, təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldıra bilərlər.

7.9. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən texniki reqlament layihələrinə dair ictimai dinləmələr və ictimai müzakirələr keçirilir.

7.10. Hazırlanmış texniki reqlamentlərin layihəsinin bu Qanunun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ekspertizası keçirilir.

7.11. Yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını qəbul edilmiş texniki reqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanının yaradılması məqsədi ilə texniki reqlamentlər qəbul edilərkən qüvvəyə minməsi üçün 6 (altı) ay müddət müəyyən edilir. Bu Qanunun 2-ci maddəsində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsaslandırılmış müraciəti ilə texniki reqlamentlərin qüvvəyə minməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daha az müddət müəyyən edilə bilər.

7.12. Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

7.13. Texniki reqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yarana biləcək risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarının və ya reqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır.

7.14. Bu Qanunun şamil edildiyi mallar insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq yüksək, orta, aşağı risk qruplarına bölünür. Malların risk qrupları üzrə təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən risk qruplarının təyin edilməsi meyarları əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Maddə 8. Texniki reqlamentlərin strukturu və məzmununa dair tələblər

8.0. Texniki reqlamentlər aşağıdakıları əhatə etməlidir:

8.0.1. texniki reqlamentlə əhatə edilən malları, onlarla əlaqəli prosesləri və istehsal metodlarını;

8.0.2. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair terminləri və tərifləri;

8.0.3. tərifə əsasən əhatə olunan, lakin texniki reqlamentdən istisna edilən malları;

8.0.4. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələbləri;

8.0.5. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinə dair tələbləri və uyğunluğun qiymətləndirilməsi sxemlərini (modullarını) və prosedurlarını;

8.0.6. texniki reqlamentin tələblərinin lazımi səviyyədə qorunmasını təmin etmək üçün layihələndirilmə, quraşdırılma da daxil olmaqla, malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən əvvəl tərtib olunmalı və nəzarət məqsədi ilə saxlanılmalı olan sənədləri, o cümlədən malı müşayiət etməli olan sənədlər barədə məlumatı;

8.0.7. malların nişanlanması üsulları, forması və bununla bağlı öhdəlikləri.

Maddə 9. İstinad edilmiş standartlar və texniki şərtlər

9.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc edir, özünün rəsmi internet saytında yerləşdirir və müntəzəm olaraq yenilənməsi üçün tədbirlər görür.

9.2. Texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə təsərrüfat subyekti tərəfindən standartlaşdırma üzrə dövlət fonduna daxil edilmiş texniki şərtlərdən istifadə edilə bilər.

9.3. Təsərrüfat subyektinin istifadə etdiyi istinad edilmiş standart və ya texniki şərt texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etdikdə və bu, malın müvafiq istinad edilmiş standarta və ya texniki şərtə uyğun olduğunu təsdiq edən sənədlərdə göstərildikdə, mal müvafiq texniki reqlamentin əsas tələblərinə uyğun hesab edilir.

9.4. Texniki reqlamentlərdə müvafiq mallara dair əsas tələblərin təmin olunması şərtilə, istinad edilmiş standartın və texniki şərtlərin istifadəsi könüllü xarakter daşıyır.

9.5. Təsərrüfat subyekti texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə, digər standartlardan da istifadə olunması məqsədilə onların istinad edilmiş standartların siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Maddə 10. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin qəbul edilməsi

10.1. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda və müvafiq sahə üzrə milli texniki reqlament mövcud olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə milli texniki reqlamentlər kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilər. Müvafiq sahə üzrə milli texniki reqlament mövcud olduğu təqdirdə, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tanınmaqla milli texniki reqlamentlərlə yanaşı tətbiq edilə bilər.

10.2. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin tanınmasına dair müraciət etmə, məlumat alma, qərarlardan şikayət vermə prosedurları və tanınması meyarları şəffaf olmalı, tərəflərin hüquq bərabərliyi təmin edilməlidir.

10.3. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin milli texniki reqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3-cü fəsil

TEXNİKİ REQLAMENTLƏRİN TƏLƏBLƏRİNƏ UYĞUNLUĞUN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TƏSƏRRÜFAT SUBYEKTLƏRİNƏ DAİR TƏLƏBLƏR

Maddə 11. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinin məqsədləri və prinsipləri

11.1. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinin məqsədləri aşağıdakılardır:

11.1.1. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun təmin edilməsi;

11.1.2. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin olunması;

11.1.3. texniki reqlamentlərin tələblərinə cavab verən malların sərbəst dövriyyəsinin təmin edilməsinə şərait yaradılması, daxili və xarici bazarlarda onların rəqabət qabiliyyətinin artırılması və beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması;

11.1.4. istehlakçıların hüquqlarının təmin edilməsi və malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə dair istehlakçılarda inamın yaradılması.

11.2. Uyğunluğun qiymətləndirilməsinin əsas prinsipləri aşağıdakılardır:

11.2.1. daxili bazarda istehlakçıların hüquqlarının müdafiəsində ictimai marağın təmin olunması;

11.2.2. oxşar mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına eyni uyğunluğun qiymətləndirilməsi prosedurlarının tətbiq edilməsi;

11.2.3. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətdə şəxsi maraqlardan asılılığa yol verilməməsi, qərəzsizliyin, ədalətin və səriştəliliyin təmin edilməsi;

11.2.4. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətə dair informasiyalara ictimai çıxışın və şəffaflığın təmin edilməsi;

11.2.5. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət zamanı kommersiya sirrinin qorunması;

11.2.6. uyğunluğun məcburi qiymətləndirilməsi nəzərdə tutulmayan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi uyğunluq qiymətləndirilməsinin yolverilməzliyi;

11.2.7. uyğunluğun qiymətləndirilməsi prosedurlarının beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi.

Maddə 12. Uyğunluğun qiymətləndirilməsi prosedurlarına dair ümumi tələblər

12.1. Uyğunluğun qiymətləndirilməsi uyğunluğun qiymətləndirilməsi sxemlərindən (modullarından) və prosedurlarından istifadə etməklə həyata keçirilir.

12.2. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları müvafiq texniki reqlamentdə göstərilir.

12.3. Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərinin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

12.4. Uyğunluğun qiymətləndirilməsi prosedurları hazırlanarkən bu Qanunun 7.3-7.6-cı maddələrinin tələbləri nəzərə alınmalıdır.

12.5. Texniki reqlamentdə uyğunluğun qiymətləndirilməsi prosedurları müəyyən edilən zaman aşağıdakılara riayət edilməlidir:

12.5.1. uyğunluğun qiymətləndirilməsi prosedurunun malın növünə uyğunluğuna;

12.5.2. uyğunluğun qiymətləndirilməsi prosedurunun malın daşıdığı risk səviyyəsinə uyğunluğuna;

12.5.3. sifariş əsasında istehsal edilən mallar və kiçik seriyalı istehsal üzrə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar texniki və inzibati prosedurların yüngülləşdirilməsinə;

12.5.4. uyğunluğun qiymətləndirilməsi prosedurunun qanunvericiliyə zidd olmamasına;

12.5.5. mal bir neçə texniki reqlamentlə əhatə olunduqda, uyğunluğun qiymətləndirilməsi prosedurları arasında vəhdətin təmin edilməsinə.

Maddə 13. Uyğunluğun qiymətləndirilməsi prosesinə dair tələblər

13.1. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirməsi bu Qanunun tələbləri nəzərə alınmaqla, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

13.2. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi aşağıdakı üsullarla təmin olunur:

13.2.1. sertifikatlaşdırma;

13.2.2. uyğunluq bəyannaməsinin tərtibi.

13.3. Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir.

13.4. Orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi təsərrüfat subyekti tərəfindən bu Qanuna uyğun olaraq həmin malın uyğunluq bəyannaməsinin tərtibini nəzərdə tutur. Orta riskli mallar üçün uyğunluq bəyannaməsinin tərtibi ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədi ilə uyğunluğu qiymətləndirən qurumun cəlbi zəruridir. Bu halda, həmin qurum tərəfindən verilmiş uyğunluğu təsdiq edən sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur.

13.5. Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Tərtib edildiyi gün uyğunluq bəyannaməsi barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış elektron reyestrə daxil edilməlidir.

13.6. Uyğunluğu qiymətləndirən qurum uyğunluğu qiymətləndirilən malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının aid olduğu təsərrüfat subyektindən asılılığı olmayan üçüncü tərəf olmalıdır.

13.7. Uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi işlərinin yerinə yetirilməsinə cavabdeh vəzifəli şəxsləri və digər əməkdaşları uyğunluğu qiymətləndirilən malın tərtibatçısı, istehsalçısı, təchizatçısı, quraşdırıcısı, təmirçisi və ya həmin şəxslərdən hər hansı birinin ticarət nümayəndəsi (agenti) ola bilməz.

13.8. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı aşağıdakılar təmin edilməlidir:

13.8.1. uyğunluğun qiymətləndirilməsi prosedurlarına görə uyğunluğun qiymətləndirilməsinin malın istehsal sahəsində həyata keçirilməsində və uyğunluq sənədlərinin alınmasında yerli və xarici istehsalçılara bərabər imkanların yaradılması;

13.8.2. hər bir uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsi müddəti barədə sifarişçiyə məlumatın verilməsi;

13.8.3. uyğunluğun qiymətləndirilməsi barədə müraciətdə aşkar edilmiş çatışmazlıqlar uyğunluğun qiymətləndirilməsinə təsir göstərmirsə, uyğunluğun qiymətləndirilməsinin mümkün dərəcədə yerinə yetirilməsi;

13.8.4. uyğunluğun qiymətləndirilməsi prosedurları nəticəsində malla bağlı əldə edilən və qorunması tələb olunan məlumatların konfidensiallığının təmin edilməsi;

13.8.5. yerli və ya digər ölkə mənşəli oxşar mallar üçün uyğunluğun qiymətləndirilməsinin icrası (uyğunluğun qiymətləndirilməsi yerindən asılı olaraq çəkilən əlavə xərclər istisna olmaqla) ilə bağlı ödənişlərin eyni olması;

13.8.6. məlumata dair tələblərin uyğunluğun qiymətləndirilməsi və ödənişlərin müəyyənləşdirilməsi üçün zəruri olan məlumatlarla məhdudlaşması;

13.8.7. uyğunluğun qiymətləndirilməsi prosedurlarını həyata keçirmək üçün obyektə baxışın keçirilməsi və seçmə üsulu ilə nümunələrin götürülməsinin təsərrüfat subyektinin fəaliyyətinə lüzumsuz maneələr yaratmaması;

13.8.8. malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətləri uyğunluğun qiymətləndirilməsindən sonra dəyişdirildikdə, uyğunluğun qiymətləndirilməsinin edilmiş dəyişikliklərin müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşması.

13.9. Uyğunluğu qiymətləndirən qurumlar hər bir uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin nəticələri, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə həmin gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

13.10. Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

13.11. Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici uyğunluq sənədinin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tanınır.

13.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədlərinin tanınması üçün istehsalçı, idxalatçı və ticarət nümayəndəsi uyğunluq sənədlərini malın idxalından əvvəl akkreditasiya edilmiş hər hansı uyğunluğu qiymətləndirən quruma göndərməlidir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar göndərilən uyğunluq sənədlərini bu Qanunun 13.11-ci maddəsinə uyğun olaraq tanınması və ya tanınmasından imtina haqqında qərar qəbul etməli, tanınmış uyğunluq sənədlərini reyestrə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməli və nəticəsi haqqında istehsalçını məlumatlandırmalıdırlar.

13.13. Xarici mənşəli uyğunluq sənədləri bu Qanunla müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, istehsalçı və ya ticarət nümayəndəsi həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.

13.14. Malın texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğunun qiymətləndirilməsi təmin olunduğu halda, uyğunluğu təsdiq etmək məqsədi ilə təsərrüfat subyekti tərəfindən malın üzərinə uyğunluq nişanı vurulur. Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

13.15. Texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirilməmiş mala uyğunluq nişanı vurula bilməz.

Maddə 14. Təsərrüfat subyektlərinə dair ümumi tələblər

14.1. Müvafiq uyğunluğun qiymətləndirilməsi proseduruna uyğun olaraq, istehsalçı malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir. Xarici ölkədə yerləşən istehsalçılar Azərbaycan Respublikasında malların uyğunluğunun qiymətləndirilməsi ilə bağlı tələblərə riayət olunması üzrə işləri səlahiyyət verdikləri şəxsə (şəxslərə) həvalə edə bilərlər.

14.2. Bu Qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş malları istehsal etmək, satışa çıxarmaq, satmaq, realizə etmək, idxal etmək və ya istifadə etmək qadağandır.

14.3. Texniki reqlamentlərin əhatə etdiyi malların istehsalı, saxlanılması, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, istismarı, satışı, realizəsi, məhv edilməsi və utilizasiyası zamanı bu Qanunun və texniki reqlamentlərin tələblərinə riayət olunmalıdır.

14.4. Təsərrüfat subyektləri mallarla, onlarla əlaqəli proseslərlə və istehsal metodları ilə bağlı verdikləri məlumatların tamlığına, dəqiqliyinə və müvafiq texniki reqlamentə, istinad edilmiş standartlara və istinad edilmiş texniki şərtlərə uyğunluğuna görə məsuliyyət daşıyırlar.

14.5. Texniki reqlamentlə uyğunluğunun təsdiqi tələb olunan, lakin uyğunluğun qiymətləndirilməsi prosedurundan keçməmiş malların reklam olunması qadağandır.

14.6. Təsərrüfat subyektləri malın Azərbaycan dilində və asanlıqla başa düşülən təlimat və təhlükəsizlik məlumatları, habelə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə müşayiət edilməsini təmin etməlidirlər.

14.7. Təsərrüfat subyekti müvafiq sahə üzrə nəzarət səlahiyyətlərini həyata keçirən dövlət orqanının (qurumun) əsaslandırılmış yazılı tələbi əsasında həmin orqanı (qurumu) malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunu təsdiq edən sənədlərlə və məlumatlarla təmin etməlidir.

14.8. Təsərrüfat subyekti uyğunluğun qiymətləndirilməsi ilə bağlı texniki sənədləri, uyğunluq sertifikatını və ya uyğunluq bəyannaməsini müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlamalıdır.

14.9. Azərbaycan Respublikası qanunlarının və müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu qoruyub saxlamaq, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə istehsalçı istehsal etdiyi malın seçmə nümunə əsasında sınağının aparılmasına şərait yaratmalı, uyğun olmayan malların bazardan geri çağırılmasını və dövriyyədən çıxarılmasını təmin etməli və belə malların uçotunu aparmalı və ticarət vasitəçilərini belə tədbirlər barədə məlumatlandırmalıdır. Mal risk təşkil edərsə, istehsalçı dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) riskin təfərrüatları, xüsusilə uyğunsuzluqlar və görülmüş düzəliş tədbirlərini sadalamaqla, yazılı formada məlumatlandırmalıdır.

Maddə 15. Qanunun və texniki reqlamentlərin tələblərinə riayət olunmasına nəzarət

15.1. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

15.2. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15.3. İstehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

15.4. Bu Qanunun 5.2-ci maddəsində qeyd olunan tələblərin təmin olunmasına nəzarət bu Qanunun 15.2-ci maddəsində müəyyən olunmuş istehlak bazarına nəzarət qaydasında həyata keçirilir.

4-cü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 16. Məlumat mərkəzi

16.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Məlumat mərkəzi təsis edilir.

16.2. Məlumat mərkəzi aşağıdakıları təmin edir:

16.2.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsi;

16.2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsi;

16.2.3. Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsi.

16.2.4. xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumatın verilməsi;

16.3. Məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

16.4. Məlumat mərkəzinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.

Maddə 17. Qanunun və texniki reqlamentlərin tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun və texniki reqlamentlərin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 18. Qanunun qüvvəyə minməsi ilə əlaqədar tədbirlər

18.1. Bu Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu Qanun qüvvəyə mindikdən sonra 5 (beş) il ərzində bu Qanuna uyğun olaraq mərhələlərlə işlənilib hazırlanmalı, qəbul və dərc edilməlidir.

18.2. Texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

18.3. Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2019-cu il.


Əvvəlki Yazı: Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu Növbəti Yazı: Uyğunluq sertifikatı
certus