Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) təşkilatının hazırladığı və qəbul etdiyi ISO 22000:2018 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri) standartı qida zəncirində iştirak edən bütün təşkilatlar üçün qida təhlükəsizliyi idarəetmə sistemi üzrə tələbləri müəyyən edən qlobal standartdır. Bu standart qida zənciri üzrə qida təhlükələrini idarə etmək üçün hazırlanıb. ISO 22000:2018 standartı qida zəncirinin istənilən mərhələsində birbaşa və ya dolayı şəkildə iştirak edən müəssisə və təşkilatların fəaliyyətində tətbiq olunur. Müəssisə və ya təşkilat bu standarta uyğun sertifikatlaşa bilər.
2018-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaradılması ilə ölkəmizdə qida təhlükəsizliyi sahəsinə dövlət nəzarət mexanizmi formalaşmışdır və nəticədə AQTA-nın qida təhlükəsizliyinə dair fəaliyyət istiqamətləri üzrə bu sahənin inkişafına dair ciddi tədbirlər görülməkdədir. Nəticədə ölkəmizdə qida zəncirində iştirak edən müəssisə və təşkilatların həm dövlət, həm də cəmiyyət qarşısında qida təhlükəsizliyinə aid məsuliyyəti artmışdır. Bu müəssisə və təşkilatlar qida təhlükəsizliyi ilə bağlı dövlət qanununvericiliyinin minimum tələblərini ödəməkdən əlavə, bazardakı güclü rəqabətə tab gətirmək üçün yüksək rəqabət qabiliyyətli təhlükəsiz və keyfiyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsini qarşlarına hədəf qoymuşdur.
Qida təhlükəsizliyi idarəetmə sisteminin (QTİS) tətbiqi təşkilat üçün qida təhlükəsizliyi üzrə ümumi performansının yaxşılaşdırılmasına kömək edə biləcək strateji qərardır. Bu baxımdan qida təhlükəsizliyinə aid idarəetmə sisteminin qurulması və tətbiqində beynəlxalq təcrübədən istifadə edilməsi ISO 22000:2018 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri) standartının əhəmiyyətini artırır. ISO 22000:2018 beynəlxalq standartına uyğun Qida təhlükəsizliyi idarəetmə sisteminin (QTİS) qurulması təşkilata mənfəətin artırılmasında əlavə, aşağıdakı digər faydaları da verir:
a) müştəri tələblərinə və tətbiq edilə bilən qanunverici və normativ tələblərə uyğun təhlükəsiz qida və məhsul və xidmətləri davamlı olaraq təmin etmək qabiliyyəti;
b) onun məqsədləri ilə bağlı risklərin nəzərə alınması;
c) müəyyən olunmuş QTİS tələblərinə uyğunluğun nümayiş etdirilməsi qabiliyyəti.
Sadə dildə desək, qida zəncirində iştirak edən şirkət və təşkilatlarda ISO 22000:2018 standartının tətbiqi ilə həm yerli qanunivericiliyin tələblərinə tam riayət olunur, həm təhlükəsiz məhsulllar istehsal olunur, həm də səmərəlilik və müştəri məmnuniyyəti artır. Nəticədə bu ISO 22000:2018 standartına uyğun idarəetmə sisteminin tətbiqi ilə şirkətlər və təşkilatlar bazarda öz mövqeyini gücləndirir və rəqabət qabiliyyətini artırır.